PULS TERAPIYA yeni və effektli müalicə üsulu olub, bir neçə gün ərzində yüksək dozada xüsusi preparatların qəbuluna əsaslanır. 

Kortikosteroidlərlə Puls-Terapiya:  

Revmatik xəstəliklərin əksəriyyətində (Revmatoidli Artrit, Sistemli Qurd Eşənəyi, Sklerodermiya, Dermatomiozit, Vaskulitlər, Şeqren Sindromu, Bexterev Xəstəliyi, Reaktiv Artritlər və s.) puls terapiya tətbiqi,  xəstəliyin kəskinləşməsinin və inkişafının qarşısını almaq üçün əsas və effektli müalicə üsullarından biri sayılır. İnfuziya şəklində venadaxili yeridilən kortikosteroidli preparatlar güclü iltihabəleyhinə, ödeməleyhinə və membranstabilləşdirici təsir göstərir. Metilprednizalonla aparılan puls terapiya prosedurasını xəstələr yaxşı keçirir, ciddi ağırlaşmalar törətmir və orqanizmdə tez metabolizə olunur.

Qeyd etmək lazımdır ki, prednizalonla aparılan puls terapiya digər infuziyalardan fərqli olaraq daha önəmli və effektli müalicə üsulu sayılır. Böyrəküstü vəzlərin qabıq maddəsi (cortex) kortizon sintez edir, lakin onun süni yolla alınan əvəzləyicisi Prednizalon adlanır. Metipred (6-Metilprednizalon) prednizalonla müqayisədə bahalı, lakin daha effektli dərman preparatı olub, qanda neytrofillərə və monositlərə təsir xüsusiyyətlərinə görə puls terapiyada geniş istifadə olunur.

Puls terapiya aparılma qaydaları:

  •        İnfuziya şəklində damcı üsulu ilə vena daxili yüksək dozada kortikosteroid preparatlar.
  •        Prosedura gündə 1 dəfə olmaqla 3 gün dalbadal aparılır.
  •        Proseduranın aparılma müddəti müddəti 30-40 dəqiqə təşkil edir.
  •        Proseduranın saat 12:00 qədər aparılması məsləhət görülür.