Revmatik xəstəliklər oynaqların xroniki, tədricən proqressivləşən, iltihabi immun xəstəliyi olub, cavan yaşlı əhali arasında geniş yaylmışdır. Revmatik xəstəliklərin müalicəsi mürəkkəb olub, həkim-revmatoloq tərəfindən aparılır. Müasir standartlara uyğun olaraq revmatik xəstəliklərin müalicəsinin əsas məqsədi, xəstəliyin remissiyasına nail olmaqdır – “Treat to target”. Bu məqsədlə, hal-hazırda revmatik xəstəliklərin müalicəsində müxtəlif kimyəvi quruluşa və farmakoloji təsir mexanizminə malik çoxlu sayda dərman preparatları istifadə olunur. Bu qrup preparatların əsas ümumi təsir mexanizmi, revmatik xəstəliklərin əsas kliniki əlaməti olan iltihabi prosesin kardinal əlamətlərini söndürməyə əsaslanır.

Bunlar aşağıdakı qruplara bölünür:

  1.  İltihab əleyhinə qeyristeroidli preparatlar: bu qrupa 50-dən artıq preparat daxildir ki, onların da qızıl standartı Voltaren sayılır.
  2.  İltihab əleyhinə steroidli preparatlar: qlyukokortikosteroidlər (Prednizolon, Kortizon, Metipred və s.)
  3.  Bazis preparatları: xəstəliyin proqressivləşməsinin sürətini ləngidən preparatlar (Metotreksat, Sulfanilamil və Qızıl preparatları və s.)
  4. “Bioloji Gen-Mühəndisliyi” preparatları. Bu qrup preparatların digər antirevmatik preparatlardan üstünlüyü, onların yüksək spesifikliyə malik olmasıdır ki, bu da immunopatoloji xəstəliklərin patogenezinin əsas zəncirinə selektiv təsiri ilə izah olunur. Bu da öz növbəsində immun sistemin normal funksiyasına minimal dərəcədə təsir edir. Bu isə digər antirevmatik (kortikosteroidlər, sitostatiklər) preparatların təsir mexanizmindən  fərqli olaraq immun sistemin “Total” supressiyası riskini əhəmiyyətli dərəcədə azaltmağa şərait yaradır. Bu qrup preparatlara – Adalimumab, İnfliximab, Rituximab, Etanercept və s aiddir.